Həmkəndlisini öldürməkdə təqsirləndirilən şəhid atası ilə bağlı son qərar verildi


  • 15 Aprel 12:40

Bu gün Ali Məhkəmədə qəbiristanlıqda həmkəndlisini döyüb öldürməkdə təqsirləndirilən Mübariz Yusifovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Yusifov 10 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs M.Yusifov 2024-cü il iyulun 1-də Tovuz rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında şəhid oğlu Münasib Yusifovun məzarını ziyarətə gedərkən orada həmkəndlisi, 1958-ci il təvəllüdlü Novruz Hacıyevin heyvan otardığını görüb. Şəhid atası N.Hacıyevə irad tutub və qəbiristanlıqda olan heyvanları çıxararkən N.Hacıyev ona çomaqla hücum edib. M.Yusifov çomağı ondan alaraq N.Hacıyevi yerə yıxaraq həmin çomaqla onun baş və bədən nahiyəsinə zərbələr endirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Humay Eminqızı

Oxşar xəbərlər