Qardaşının qətlində təqsirləndirilən şəxsə 16 il cəza verildi


  • 18:03

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, A.Nurinin 18 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra məhkəmə müşavirəyə gedib və hökm oxunub. Hökmə əsasən A. Nurinin 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı körpəsinin gözü qarşısında qətlə yetirilib.

Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğu bildirilib.

Amin Nurinin barəsində AR Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə
ittiham elan olunub.

Humay Eminqızı

Oxşar xəbərlər