- 10:53
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V. Məmmədov 4 il sürücülük hüququndan məhrum edilməklə 6 il, 6 ay azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, hadisə 2025-ci ildə baş verib. Belə ki, Vaqif Məmmədov idarə etdiyi yük avtomobilini Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində Böyükşor yolu ətrafında yağışlı havada yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq əks tərəfdən gələn "Folksvagen" maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gülməmmədov və sərnişinlər Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanıb və V. Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülmüşdür.
Humay Eminqızı