- 10:55
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən İlham Hüseyn ifadə verib.
O, "Stimul Hospital"da həkim-terapevt vəzifəsində çalışdığını, Anar Əsədli ilə öncələr dost olduqlarını deyib: "Anar Əsədli 2020-ci ilin mart ayında mənə pula ehtiyacı olduğunu və mayda borcunu qaytaracağını dedi. Mən də ona 10 min dollar borc verdim. Amma o pulu mayda qaytarmadı. Sonradan eşitdim ki, bir neçə adama qarşı da bu hərəkəti edib. Digər zərərçəkən Oqtay bəylə tanış oldum və onunla birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxınlaşdıq. Orada pulumu tam qaytardılar".
Şahid bildirib ki, hazırda heç bir şikayət, tələbi yoxdur.
Digər zərərçəkənlərin dindirilməsi ilə əlaqədar məhkəmənin növbəti iclası 1 may tarixinə təxirə salınıb.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.
Humay Eminqızı