Kriminal aləmin üzvünü öldürməkdə təqsirləndirilən şəxsin şikayəti təmin olunmadı


  • 17:54

Bu gün Ali Məhkəmədə Goranboyda kriminal aləm üzvünü qətlə yetirməkdə təqsirləndirilən Tarzan Şamilovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən o, 17 il müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməyib. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Tarzan Şamilovun xüsusi amansızlıqla öldürməsinə dair müddəalar ittihamdan xaric edilib.

Qeyd edək ki, ötən il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölüb.
Faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çox sayda bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhməd Ərəbov kriminal aləmdə "Kürd Amo", "Kürd Əhməd" kimi tanınıb. Onun mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olduğu qeyd olunurdu.

Humay Eminqızı

Oxşar xəbərlər