- 14:44
Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovunun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ülvi Abbasov ifadə verib.
O ifadəsində bildirib ki, hadisədən xəbəri olmayıb, İsgəndər Əliyevin öldüyünü polis bölməsində bilib: “İsgəndərlə münasibətim yaxşı olub. Biz onunla “Sea Breeze”də bir yerdə tikintidə işləmişik. Birlikdə kirayədə qaldığım evə məni İsgəndər yönləndirmişdi. Mən Amidlə bir otaqda qalırdım, İsgəndər isə Fazillə qalırdı. Hadisədən xəbərim olmayıb, bölmədə bilmişəm. Məndən İsgəndəri görüb-görmədiyimi soruşurdular”.
“Gələcəm yanınıza qanı almağa. Allah göydən baxır, sənin də balaların var”, - zərərçəkmiş şəxsin hüquqi varisi - qardaşı Ü. Abbasova bildirib.
Dövlət ittihamçısı Ü.Abbasovdan avqustun 4-ü nəyə görə işə getmədiyini soruşub.
“Bacanağım mənə avqustun 3-ü hüzürümüzün düşdüyünü demişdi. 4-ü mən bacanağımın yanında qaldım, 5-i isə hüzürə getdik”, - təqsirləndirilən şəxs qeyd edib.
“Mən səhər oyandım, əl-üzümü yuyandan sonra ev sahibi Elmiranı gördüm. Onunla söhbət edirdim. Fazil otaqdan çıxanda rayona gedəcəyini dedi, məndən xahiş etdi ki, əşyaları taksiyə qoymağa ona kömək edim. Mən də razılaşdım”, - Ü. Abbasova deyib.
Dövlət ittihamçısı təqsirləndiriləndən nəyə görə əvvəl etirafedici ifadə verdiyini, daha sonra isə əməli törətmədiyini dediyini soruşub.
Təqsirləndirilən şəxs ona fiziki təzyiq göstərildiyini bildirib.
Daha sonra təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadə elan edilib.
Sözügedən ifadədə Ü.Abbasov Fazili əvvəl öz adı ilə yox, Ramil adı ilə tanıdığını qeyd edib: “Fazillə öncədən razılaşmışdıq ki, İsgəndərə zərər vurub, pulunu alacayıq. Mənə öncədən demişdi ki, onun ayaqlarını tutum. İsgəndər otağında yatmışdı, onun ayaqlarını tutdum, Fazil metal boru ilə İsgəndərin başına vurmağa başladı. Özümü itirdim, zərbələrin bu dərəcədə olacağını bilmirdim. Daha sonra Fazil mənə otaqdan çıxmağı tapşırdı. Qorxduğum üçün tez çıxdım və öz otağıma getdim. Səhər oyananda Fazilin sellofan almaq üçün çıxdığını gördüm. Qayıdanda rayona gedəcəyini, otağından çıxardığı sellofanları maşına qoymaq üçün məndən kömək istədi. Bildim ki, sellofanın içində olan İsgəndərin bədən hissələridir”.
Məhkəmənin növbəti iclası 6 may tarixinə təyin edilib.
Araşdırmalarla, 2025-ci il avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur. Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı