MİDA evlərinə görə vətəndaşlardan pul almaqda ittiham edilən şəxslərlə bağlı son qərar


  • 14:33

Bu gün Ali Məhkəmədə Bakıda vətəndaşlara sosial (güzəştli) evlərin verilməsində köməklik edəcəyi ilə bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Xəyalə Əliyeva və Arzu Nağıyevanın barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyalə Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Eyni ittihamla mühakimə olunan, lakin ev dustaqlığında saxlanılan Arzu Nağıyeva isə şərti cəza alıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Arzu Nağıyeva barəsində bəraət hökmü çıxarılıb. Xəyalə Əliyevanın 8 il azadlıqdan məhrumetmə cəzası 3 ay azaldılıb.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamalda MİDA tərəfindən inşa edilən evlərdən vətəndaşlara güzəştli mənzil almaq adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti ələ keçiriblər. Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş tanınıb və ümumi zərər 154 min manat təşkil edib. İş materiallarına əsasən, qanunsuz planın əsas hissəsini Xəyalə Əliyeva həyata keçirib. Arzu Nağıyeva isə ona müştəri tapdığı üçün faiz alıb. Arzu ev alqı-satqısı ilə məşğul olub. Xəyalə Əliyeva isə daha əvvəl də dələduzluğa görə məhkumluq alıb. İstintaq dövründə zərərçəkmişlərə dəymiş zərər ödənilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər