- 14:36
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.
Daha sonra Raqif Abbasovun vəkili cinayət işi üzrə məbləğlərin yenidən hesablanması üçün mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin edib.
Ekspertizanın nəticələri elan edilənə qədər məhkəmə iclası təxirə salınıb.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.
Humay Eminqızı