- 29 Aprel 15:21
Bu gün Ali Məhkəmədə müğənni Elçin Kişiyevə (Elçin Zəka) qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əşrəfzadə ilə Rəhimə Əşrəfzadənin hər biri 8 il 3 ay, Heydər Əkbərov 10 il və Zeynal Yusifov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İttihama görə, R.Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Z. Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib. R. Əşrəfzadə avtomildən düşüb onu evdə gözləyən E. Kişiyevin yanına gedərək, orada bir müddət olub, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra H. Əkbərov, Z. Yusifov, onların ardınca H. Əşrəfzadə evə daxil olublar. Zeynal Yusifov bıçaqla E. Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub.
Sonra H. Əkbərov və Z. Zeynalov E. Kişiyevi vuraraq H. Əşrəfzadəni zorlamaqda ittiham edib və buna görə cəzalandırılacağını bildirib. Onlar müğənnini H. Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib, telefonla çəkiblər.
Daha sonra E. Kişiyevin evdə olan 4 min 835 manat məbləğində pulunu quldurluq yolu ilə ələ keçiriblər.
Humay Eminqızı