- 12:46
Bu gün Ali Məhkəmədə Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olmaqda təqsirləndirilən Cavid Dünyamaliyev və Cəlil Cəlilov barəsində hökmdən C.Dünyamaliyevin vəkili tərəfindən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, Cavid Dünyamaliyev 5 il və Cəlil Cəlilov 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib. Cəlil Cəlilov barəsində Ali Məhkəməyə qərardan verilən kassasiya şikayəti isə qismən təmin edilib və onun cəzası 3 ilə endirilib.
Təqsirləndirilən şəxslər Səhiyyə Nazirliyinin “e-health.gov.az” və Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər. Daha sonra isə “Telegram” və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.
Təqsirləndirilən Cavid Dünyamaliyev və Cəlil Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlara qarşı 271.3-cü (Kompyuter sisteminə qanunsuz daxil olma, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə), 272.3-cü (Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə), 273-1.4.2-cü (Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı