- 15:30
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırıb üzərinə gül əkməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən anası təqsirləndirilən şəxsin əməli tək törətmədiyini iddia edərək ona kimin kömək etdiyini öyrənmək istədiyini bildirib.
Zərəçəkmişin atası Nurəddin Əliyev ifadə verərək bildirib ki, mərhum oğlu kriminal aləmə maraq göstərib. O, həmçinin E.Əliyevanın ona oğlunun narkotik istifadə etdiyini demədiyini bildirib.
Təqsirləndirilən şəxs ərinin narkotik istifadəçisi olmasından qaynatasının guya xəbərinin olmamasına etiraz edib: “Qaynatam özü deyirdi ki, Samirin axırı ya qara torpaqdır, ya da zindan”.
Hakim şahid N.Əliyevdən gəlinini narkotik vasitənin təsiri altında olduğunu hiss edib-etmədiyini soruşub.
“Mən səhər gedib axşam gəlirdim. Belə hala şahid olmamışam”, - N.Əliyev deyib.
Təqsirləndirilən şəxsin qaynatası bildirib ki, sözügedən gülü özü sonradan əkib: "Biraz kənarı qazıb gülü əksəydim, oğlumun orada basdırılmış cəsədini tapardım”.
Daha sonra təqsirləndirilən şəxsin bacısı Esmira İbrahimova ifadə verib.
“Mərhumla bacımın münasibətləri əvvəl yaxşı idi. Sonra münasibətləri müəyyən qədər pisləşdi. Samir həbsə düşəndən sonra münasibətləri daha da pisləşdi. Samiri məktəbdə "bandit" kimi tanıyırdılar. Mənim bacımı Samirə vermirdilər, o da bacımı qaçırmışdı. Samir narkotik istifadə edib bacımı döyürdü",- E. İbrahimova bildirib.
O, S.Əliyevin oğurluq etdiyini də bildirib: “Samir qızı Arifəni də hicab taxması üçün döyürdü. Hətta barmaqlarını da sındırıb".
S. Əliyevin anası iddia edib ki, oğlu həbsdən çıxandan sonra Elmiranın ikinci telefonunda müəyyən danışıqlarını tutub.
Məhkəmənin növbəti iclası 14 may tarixinə təyin edilib.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Humay Eminqızı