Anar Əsədlinin məhkəməsində gərginlik yaşandı: "Üzr istəməlidir"


  • 16:59

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Etibar Nəsibov ifadə verib.

"Anar Əsədli ilə dostluq münasibətlərimiz olub. 2019-cu ilin noyabr ayında atası vəfat etdiyi vaxtlarda Anar Əsədli mənə zəng edib görüşmək istədiyini dedi. Onunla görüşəndə məndən xahiş etdi ki, məni onunla tanış edən ortaq dostumuzdan borc pul alım. Atasının qəbrini düzəltmək üçün 4 min dollar pula ehtiyacı var idi. Dedim ki, borc almağı sevmirəm, özüm o pulu sənə verərəm. Uzun müddət ondan borcu qaytarmağa görə səs çıxmadı. Sonra Qarabağa Türkiyədən nəhəng şirkət gətirəcəyini deyərək məndən əlavə pul da istədi, mən də verdim. 2023-cü ildə Anar Əsədli Kürdəxanıda olanda qardaşı Hilal mənimlə görüşmək istədiyini dedi. Soruşdu ki, məndən pulu niyə istəyib. Bir müddət sonra Anar Əsədli mənə borcdan 2 min dollar qaytardı. Daha sonra isə zənglərimə cavab verməməyə başladı. Mən də şikayətçi oldum ".

Zərərçəkən bildirib ki, hazırda Anar Əsədlinin ona 3 min dollar borcu var.

O bildirib ki, Anar Əsədlinin vəkili ona pulu qaytarmağı təklif edib: "Onun vəkili mənimlə görüşüb dedi ki, 3 min dolları verəcək, lakin notarial qaydada bu təsdiqlənməlidir. Mən razılaşmadım. Bildirdim ki, borcu verəndə heç nə imzalamamışdım. Ümumiyyətlə, vəkil dedi ki, pulu verəcək, amma mən də şikayətimi geri götürməliyəm. Mən razılaşmadım, çünki Anar etdiyi mənəviyyatsızlığa görə məndən üzr də istəməlidir. Əgər gəlib pulu burada verərsə, qəbul edəcəm".

A.Əsədli zərərçəkənin ifadəsini qismən təsdiqləyib: "Mən həqiqətən də ondan 5 min dollar pul alıb, 2 min dollar qaytarmışam. Lakin danışdığı hekayə tamamilə yalandır".

Məhkəmə gedişi zamanı Anar Əsədli ilə zərərçəkən arasında gərginlik yaranıb. Onlar bir-birini təhqir ediblər.

Daha sonra cinayət işi üzrə sənədlər tədqiq edilib.

Məhkəmənin növbəti iclası 15 may tarixinə təyin edilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Zərərçəkmiş şəxslər Etibar Nəsirov, Hüseyn İlham, Tamara Allahverdiyeva və politoloq Oqtay Qasımovdur.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə A.Əsədlinin ev dustaqlığına buraxılsa da, məhkəmənin ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Humay Eminqızı

Oxşar xəbərlər