- 15:05
Anasını 13 bıçaq zərbəsi ilə öldürməyə cəhd etməkdə təqsirləndirilən Baləli Müşfiqovun (şərti soyad) cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxs bildirib ki, anasını öldürmək fikri olmayıb.
"Mən anamın evdə olarkən kimləsə yazışmasını görmüşəm, anamın laqeydsizliyi buna səbəb oldu. Hadisəni törətdikdən sonra Corata getdim, atama baş verənləri danışdım, atam məni polis bölməsinə apardı", - deyə o qeyd edib.
Zərərçəkmiş şəxs isə bildirib ki, oğulları Baləli, Etibar və yoldaşı Elfiqar narkotik istifadəçisi olub: “Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Baləliyə aldığım telefonu niyə satdığını soruşdum, o isə "başımı xarab eləmə, əcəb etmişəm" dedi. Mən isə onu söydüm və mənə "onsuzda səni qanına qaltan etməyə gəlmişəm" dedi. Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Baləli içəri daxil oldu. Çölə çıxmağını istədim, çıxıb dərhal geri qayıtdı və nalayiq söz işlədərək məni bıçaqla vurdu".
Məhkəmənin hökmünə əsasən, B. Müşfiqov Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi təqsirli bilinərək 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.
Humay Eminqızı