İdmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxslə bağlı SON QƏRAR


  • 5 May 12:10

Bu gün Ali Məhkəmədə idmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Bakı Apellyasiya Məhkəməsinin yüngülləşdirici halları tam nəzərə almadığını bildirib.

Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən məhkəməyə göndərilən ərizə oxunub. Orada tərəflər arasında barışığın əldə edilmədiyi, kassasiya şikayətinin təmin edilməməsi məhkəmədən xahiş edilir.

Daha sonra qərar qəbul edilib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Yusif İsmayılov 17 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 5 il azaldılaraq 12 ilə endirilib. Ali Məhkəməyə dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov 2024-cü il yanvarın 13-də Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Humay Eminqızı

Oxşar xəbərlər