- 12:23
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Aidə Qasımova ifadə verib.
A.Qasımova bildirib ki, gəlinləri bağçada müəllim kimi işə düzəlmək üçün H.Rüstəmovaya 9500 manat ödəniş edib: “4 ay ərzində gəlinlərim işlədi, amma maaş ödənmədi. Biz də şikayət etmək qərarına gəldik. Əvvəl şikayət etməməyimizə səbəb isə Havvaxanım Rüstəmovanın çətin vaxt olduğunu deməsi və hər şeyin düzələcəyi barədə vəd etməyi səbəb olub. Hazırda şikayət və tələbim yoxdur, dəymiş zərər ödənilib”.
Qeyd edək ki, A.Qasımova dəymiş zərərin tam ödəndiyini desə də, onun gəlinlərindən biri bildirib ki, zərər tam ödənməyib.
Məhkəmənin növbəti iclası 20 may tarixinə təyin edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs kimi tanınıb.
Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.
Humay Eminqızı