- 15:59
Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
A.Vəlizadə özünü qismən təqsirli bildiyini bildirib.
Daha sonra təqsirləndirilən ifadə verib.
O bildirib ki, ittiham akttında qeyd edildiyi kimi, əməli qisas məqsədi ilə törətməyib: "Ailədə beş uşaq olmuşuq. Gözümü açandan anamı həmişə gözüyaşlı görmüşəm. Atam anama gün verməyib. O anamı xəyanətdə günahlandırırdı, döyürdü. Yazıq qadının gözünün yaşının tökülmədiyi bir gün yox idi. Mən onu müdafiə edəndə məni də anama qatıb döyürdü. Anam neçə dəfə boşanmaq istəsə də, atam bunu edəcəyi təqdirdə onu öldürməklə hədələyirdi. Hadisə günü saat 11-də evdən çıxıb universitetə getdim. Universitetdən qayıdanda evə daxil olmamış atamın qışqırığını eşitdim. Gördüm ki, bacıma hücum edərək "Əxlaqsızın biri, indi də oğlanla gəzməyə başlamısan?" deyir. Yazıq anam atamı tutub saxlamağa çalışırdı ki, bacımı döyməsin. Atam anamı qırağa itələyib bacımın saçından yapışıb onu evdə sürüməyə başladı. Atam bacımı sürüyüb mətbəxə apardı. Anam qorxdu ki, o bıçağı götürüb bacımı vurar, odur ki, onun ardınca getdi. Atam, həqiqətən, bıçağı götürüb bacıma saplamağa çalışırdı. Anam özünü onun üstünə atıb bıçağı almağa çalışanda barmaqları kəsildi. Mən mətbəxə qaçanda anamı qan içində görüb elə bildim ki, atam anamın qarnından vurub. Atamı saxlamağa, bıçağı ondan almağa çalışdım. Atam bir əli ilə bacımın saçından tutub dartdırdı, digər əli ilə də məni uzaqlaşdırmağa çalışırdı. İnanın, bilmirəm necə oldu, xatırlamıram, bir də gördüm atam yerdə yıxılıb, qan içində xırıldayır. Özümə gələndən sonra 102 və 103 xidmətlərinə zəng elədim. Mənim niyyətim qisas almaq yox, anam və bacımı qorumaq olub".
Məhkəmənin növbəti iclası 3 iyun tarixinə təxirə salınıb.
Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub. 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.Faktla bağlı cinayət işi başlanılıb, A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Humay Eminqızı