Rasim İldırım və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlandı


  • 12 May 10:50

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yenilənib.

Buna səbəb isə iş materiallarında olan bəzi sənədlərdə qaranlıq məqamların qalması ilə bağlı olub. Məhkəmə istintaqın təzələnməsi və həmin sənədlərin araşdırılması ilə bağlı qərar qəbul edilib.

Sənədlər tədqiq edilib. Məlum olub ki, təqsirləndirilən şəxslərin həbsdən buraxılandan sonra müvafiq digər qətimkan tədbiri seçilib. Müvafiq qətimkan tədbiri seçilməsi ilə iltizama imza edilməsi sənədləri arasında tarix fərqlidir.

Məsələyə aydınlıq gətirmək üçün dindirilən müstəntiq Kamran Əliyev bildirib ki, sənəddə texniki xəta baş verib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib və dövlət ittihamçısı çıxış edib.

O daha öncəki çıxışını müdafiə edərək hər üç təqsirləndirilənin 12 il azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkillər çıxış etdikdən sonra təqsirləndirilən şəxslərə son söz verilib.

Onlar sön sözə hazır olmadıqlarını deyiblər.

Məhkəmənin növbəti iclası 25 may tarixinə təyin edilib.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.

Humay Eminqızı

Oxşar xəbərlər