67 yaşlı anasını öldürən şəxs: “TikTok”da yazışmalarını tutmuşdum


  • 12 May 15:32

Anasını öldürməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə E.Ağayev anasının kişi cinsli şəxslərlə əlaqə saxladığını müəyyən etdiyinə görə öldürüb. Belə ki, E.Ağayev qaynatasının evə gələcəyi barədə yalan deyərək anasını evə çağırıb. Anası işdən evə gəldikdə isə onu boğaraq üz nahiyyəsindən yumruqlar vurmuş, daha sonra öldüyündən əmin olmaq üçün xuliqanlıq niyyəti ilə köməksiz anasını 2 dəfə bıçaqla boğazından zərbə endirərək xüsusi amansızlıqla öldürüb.

Sübutların tədqiqi ardıcıllığı öncə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayacaq. Daha sonra hüquqi varis və şahidlər dindiriləcək.

E.Ağayev bildirib ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir: “İşdən qayıdanda anama zəng edərək qaynatamın bizə gələcəyini və onunla işim olduğunu dedim. Taksi ilə anamı evə gətirib, cinayəti törətdim. Evə girəndə boğazından tutub onu itələdim daha sonra boğdum. Bıçaqla isə 2 yox, 1 dəfə xəsarət yetirmişəm ki, canını tapşırsın. Mən ona yumruq vurmamışam. Öz namusumu təmizləmişəm, “TikTok”da yazışmalarını tutmuşdum 3 il öncə. Uşaq vaxtından bilirdim ki, atama xəyanət edir. Özümü təmişə çıxarmıram, ömürlük cəza alsam da, namusumu təmizləmişəm. Yalandan deyirdi ki, atanın qəbri üstünə gedirəm, halbuki orada yox idi. Bəzənirdi, onun yaşına uyğun deyildi. Ərsiz qadın elə etməz. Mənim anam olub, hər şeyi mənim üçün edib, amma dözə bilmədim”.

Məhkəmənin növbəti iclası 2 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cü maddələri üzrə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər