Estetik mərkəzdə prosedur zamanı xəstə Hepatit C virusuna yoluxub - MƏHKƏMƏ


  • 11:15

“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsinin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Ləman Nəbiyeva ilə yanaşı, ilk dəfə Ceyhunə Fərəcova da iştirak edib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, adıçəkilən şəxslər zərərçəkmiş L.Nəbiyevanın iki ayağına dolğu inyeksiyasını düzgün olmayan şəkildə həyata keçirərkən ehtiyyatsızlıqdan onun sağlamlığına ziyan vurublar. Yerinə yetirilən prosedur müqabilində zərərçəkmişlərdən 600 manat vəsait götürülüb.

C.Fərəcovanın qarın nahiyyəsinə 2400 manat müqabilində tibbi müdaxilə edilib. Müdaxilə nəticəsində o, Hepatit C virusuna yoluxub. Prosedur zamanı sanitariya qaydaları ciddi şəkildə pozub.

Qaş korreksiyası proseduru zamanı onlar Ləman Əhmədlidən 501 manat, Tamara Səlimovadan 650 manat, Şamama Quliyevadan 600 manat götürüblər. Nəticədə onların sağlamlığına zərər dəyib.

Təqsirləndirilən şəxslər elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Sübutların tədqiqi ardıcıllığı təqsirləndirilən şəxsin dindirilməsi ilə başlayacaq. Daha sonra zərərçəkmiş şəxslər və şahidlər dindiriləcək.

Məhkəmənin növbəti iclası 9 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.

Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma); 309.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma); 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq), 139-1.2-ci; 142.2-ci; 310-cu; 322.1-ci maddələri üzrə cinayət işi açılıb.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.

Humay Eminqızı

Oxşar xəbərlər