- 14:17
"Məhkəmə hakimiyyəti dövlətin ən həssas və məsuliyyətli institutlarından biridir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, insanlar bəzən son ümid yeri kimi məhkəməyə müraciət edirlər. Çünki vətəndaş inanır ki, məhkəmə onun səsini eşidəcək, haqqını qoruyacaq və qərar yalnız qanuna və vicdana əsaslanacaq.
R.Nurullayev qeyd edib ki, bəzi hallarda məhkəmə proseslərinin uzun çəkməsi vətəndaşlarda ümidsizlik yaradır: "Biz anlayırıq ki, hakimlərin üzərinə böyük yük düşür. İşlərin sayı çoxdur, məsuliyyət ağırdır, vaxt isə məhduddur. Lakin bu amillər heç bir halda kiminsə haqsız yerə mühakimə olunmasına və ya haqqı olan şəxsin hüquqlarını bərpa edə bilməməsinə bəraət qazandıra bilməz. Məhkəmənin əsas missiyası yalnız qərar vermək deyil, ədaləti təmin etməkdir".
Deputat vurğulayıb ki, məhkəmələrin tam müstəqil olması xüsusi əhəmiyyət daşıyır: "Hakim yalnız qanuna və öz vicdanına tabe olmalıdır. Cəmiyyətin gözləntisi də məhz bundan ibarətdir. İnsanlar inanmalıdır ki, onların taleyi hansısa təsirdən deyil, hüquqdan və obyektiv araşdırmadan asılıdır".
Razi Nurullayev əlavə edib ki, son illərdə məhkəmə-hüquq sistemində mühüm və müsbət irəliləyişlər müşahidə olunur: "Elektron məhkəmə sisteminin tətbiqi, şəffaflığın artırılması, hakim korpusunun yenilənməsi və digər addımlar vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir”.
Deputat sonda qeyd edib ki, hakimlər qanunu tətbiq edən və ədalət sistemini qoruyan şəxslər olmalıdır: "Məhkəməyə inam güclü olduqda, dövlətə inam da güclənir".
Şəbnəm Mehdizadə