- 15:39
Bakıda şəhərin rayon məhkəmələrinin vahid məhkəmə kompleksində yerləşdirilməsi təklif olunur.
E-huquq.az xəbər verir ki, bu təkliflə vəkil Rüfət Mirzəliyev sosial şəbəkə hesabında çıxış edib.
Vəkil bildirib ki, hazırda Bakı şəhərinin rayon məhkəmələri müxtəlif və bir-birindən uzaq ərazilərdə yerləşir. Onun sözlərinə görə, Xətai, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal və digər rayon məhkəmələri arasında hərəkət etmək, xüsusilə şəhərdə sıx nəqliyyat və tıxac şəraitində, ciddi vaxt itkisinə səbəb olur.
"Vəkilin eyni gün ərzində müxtəlif rayon məhkəmələrində iki və ya daha çox prosesdə iştirak etməli olduğu hallar az deyil. Bir məhkəmə iclasının uzanması və ya gec başlaması növbəti prosesə vaxtında çatmağı faktiki olaraq mümkünsüz edə bilir. Nəticədə vəkilin iştirak edə bilməməsi səbəbindən iclas təxirə salınır, vətəndaş vaxt itirir, işlərə baxılması uzanır və məhkəmə sisteminin iş yükü daha da artır", - deyə Rüfət Mirzəliyev qeyd edib.
O, bu səbəbdən Bakı şəhərində geniş ərazidə, müasir infrastruktura malik vahid məhkəmə kompleksinin yaradılmasını təklif edib.
Vəkilin təklifinə əsasən, şəhərin bütün rayon məhkəmələri hüquqi statusunu və ərazi aidiyyətini qorumaqla həmin kompleksin ayrı-ayrı korpuslarında və ya mərtəbələrində fəaliyyət göstərə bilər.
R.Mirzəliyev hesab edir ki, kompleksdə kifayət qədər məhkəmə zalları, vəkillər və proses iştirakçıları üçün gözləmə və görüş otaqları, elektron məlumatlandırma sistemi, arxiv, bank və poçt xidmətləri, ictimai nəqliyyat bağlantısı, eləcə də geniş avtomobil dayanacağı nəzərdə tutula bilər.
O bildirib ki, belə bir layihənin nəticələri əvvəlcədən müəyyənləşdirilmiş ölçülə bilən göstəricilər əsasında qiymətləndirilə bilər. Onun sözlərinə görə, məhkəmələr arasında yol məsafəsinin aradan qalxması və proseslərin vahid elektron cədvəllə koordinasiya edilməsi vəkillərin və digər iştirakçıların hərəkətə sərf etdiyi vaxtı əhəmiyyətli dərəcədə azalda bilər.
"Pilot mərhələdə iclasların təxirə salınması və gecikməsi hallarının ən azı 20-30 faiz azaldılması, proses iştirakçılarının gözləmə müddətinin isə 15-25 faiz qısaldılması hədəf kimi müəyyən edilə bilər. Bu göstəricilər məhkəmə iclaslarının vaxtında başlanması, təxirə salınmış proseslərin sayı, orta gözləmə müddəti və vətəndaş məmnunluğu üzrə müntəzəm hesabatlarla ölçülə bilər", - deyə vəkil vurğulayıb.
Onun sözlərinə görə, vahid məhkəmə kompleksinin yaradılması bir sıra nəticələrə səbəb ola bilər. Belə ki, layihə:
vəkillərin müxtəlif məhkəmələrdə keçirilən proseslərə vaxtında çatmasını asanlaşdıra və eyni gün ərzində daha çox prosesdə iştirak imkanını artıra bilər;
məhkəmə iclaslarının gecikməsi və təxirə salınması hallarını azaldaraq işlərə baxılma müddətinin qısalmasına səbəb ola bilər;
hakimlər, vəkillər və vətəndaşlar üçün vaxt itkisini minimuma endirə bilər;
məhkəmə xidmətlərini vətəndaşlar üçün daha əlçatan edə, xüsusilə ictimai nəqliyyat və vahid məlumatlandırma sistemi vasitəsilə məhkəməyə müraciəti asanlaşdıra bilər;
təhlükəsizlik, texniki təminat və inzibati xərclərin vahid mərkəzdən daha səmərəli idarə olunmasına imkan yarada bilər;
ümumi infrastrukturun birgə istifadəsi hesabına ayrı-ayrı binaların saxlanılması, mühafizəsi və texniki xidmətinə çəkilən xərclərin optimallaşdırılmasına şərait yarada bilər;
elektron növbə, rəqəmsal lövhələr və vahid çağırış sistemi vasitəsilə proses iştirakçılarının hansı zalda və nə vaxt iştirak etməli olduğunu daha operativ öyrənməsinə imkan verə bilər.
R.Mirzəliyev layihənin səmərəliliyini təmin etmək üçün onun mərhələli şəkildə həyata keçirilməsinin mümkün olduğunu da bildirib.
"İlk mərhələdə məhkəmələrarası hərəkət, iclasların təxirə salınması, orta gözləmə müddəti və inzibati xərclər üzrə mövcud vəziyyət qiymətləndirilməli, daha sonra vahid kompleksdə fəaliyyətə başladıqdan sonra həmin göstəricilər müqayisə edilməlidir. Belə yanaşma layihənin yalnız nəzəri üstünlüklərini deyil, real iqtisadi və təşkilati nəticələrini də nümayiş etdirməyə imkan verər", - deyə o qeyd edib.
Vəkil hesab edir ki, məhkəmə sistemi yalnız ədalətli deyil, həm də əlçatan, çevik və müasir olmalıdır.
"Bakı kimi böyük, əhalisi və nəqliyyat yükü sürətlə artan şəhərdə rayon məhkəmələrinin vahid və müasir məhkəmə kompleksində cəmləşdirilməsi artıq müzakirə edilməli olan real zərurətdir. Bu, sadəcə vəkillərin rahatlığı üçün deyil, bütövlükdə vətəndaşların ədalət mühakiməsinə daha rahat çıxışının təmin olunması, məhkəmə iclaslarının daha vaxtında keçirilməsi, işlərə baxılma müddətinin qısaldılması və məhkəmə sisteminin səmərəliliyinin artırılması üçün mühüm addım ola bilər", - deyə R.Mirzəliyev əlavə edib.
Şəbnəm Mehdizadə