Bildiyimiz kimi, Azərbaycanda iqtisadi işlər üzrə ixtisaslaşmış kommersiya məhkəmələri yaradılır. Daha hansı sahədə bu cür məhkəmələrin yaradılmasına ehtiyac var?
E-huquq.az məsələ ilə bağlı vəkillərdən sorğu götürüb.
Vəkil Roman Qaraşov hesab edir ki, yeni ixtisaslaşmış məhkəmələrin yaradılması zəruridir: “Məlumdur ki, Respublikamızın məhkəmə-hüquq sistemində çox ciddi, köklü islahatlar həyata keçirilməkdədir. Müraciət imkanlarının artırılması, məhkəmələrdə səmərəli və şəffaf fəaliyyətinin təmin edilməsi, qərarların vaxtında, doğru-düzgün icra edilməsi dövlətimizin birbaşa nəzarətindədir. Təbii ki, müraciətlərin çoxşaxəliliyi yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını zəruri edir. Məsələn, ailə-nikah münasibətlərindən irəli gələn işlər xüsusi ilə çoxdur və bu işlərə mental dəyərlərimizlə bağlı olaraq xüsusi həssaslıqla baxılmalıdır. Təcrübəli, ailə psixologiyasını, uşaqların gələcək mənafeyini ciddi şəkildə araşdıra biləcək Ailə məhkəmələrin yaradılması doğru olardı”.
Keçmiş hakim, vəkil Eynulla Vəliyev isə qeyd edib ki, Azərbaycanda əlavə ixtisaslaşmış məhkəmənin yaradılmasına ehtiyac yoxdur: "Mülki işlərə baxan məhkəmələr ayrıldığı üçün hesab edirəm ki, ailə münasibətlərini araşdıran ayrıca məhkəmənin yaradılasına ehtiyac yoxdur. Bütün hallarda birinci instansiya məhkəməsində cinayət işlərinə ayrı hakimlər, mülki işlərə də ayrı hakimlər baxırlar. Bunun üçün yeni bir məhkəmə sistemi yaratmaq, hakimlər ayırmaq düzgün deyil. Digər tərəfdən hakimlərə mütəmadi təlimlər keçirilir. Hesab edirəm ki, kommersiya məsələləri üzrə ciddi problemlər olduğu üçün kommersiya məhkəmələrinin yaradılması vacib idi. Amma başqa sahələrdə məhkəmələrin yaradılmasına ehtiyac yoxdur".
Vəkil Hikmət Hüseynzadə bildirib ki, belə bir ixtisaslaşma labüddür: "Ailə məsələləri ilə bağlı məhkəmə, Cinayət Məhkəmələri, Əmək Mübahisələri ilə bağlı məhkəmənin yaradılmasına ehtiyac var. Ümumiyyətlə, birinci instansiya məhkəmələri çox şaxəli olmalıdır. Bildirmək istəyirəm ki, ədalət mühakiməsinin səmərəli fəaliyyətinin təmin olunması hər bir dövlətin ən başlıca vəzifələrindən biridir. Bunun üçün də bu fəaliyyət təşkil olunanda yüksək peşəkarlıq nəzərə alınmalıdır. Hakimlər profesional hüquqşünaslar arasından seçilsələr də, qanunvericiliyin həcmi və günü-gündən inkişaf edən cəmiyyətdə meydana gələn yeni münasibətlərin tənzimlənməsi zərurətindən yaradılan yeni normativ hüquqi aktların hamısını bir şəxsin tamamilə bilməsi mümkün deyildir. Məhkəmələrə müraciətlərin sayını da nəzərə alsaq, düşünürəm ki, ilk öncə hakimlərin sayı artırılmalıdır. Buna paralel olaraq məhkəmələr arasında ixtisaslaşmanın getməyi labüddür. Məsələn – Cinayət Məhkəmələri, Mülki Məhkəmələr, Kommersiya Məhkəmələri, Əmək Məhkəmələri. Bu məhkəmələr hər biri öz aidiyyətinə aid olan işlərə baxsalar, hakimlər gərərksiz yerə (həm müraciətlərin sayı həm də potensial qanunvericilik yükü baxımından) yüklənməyəcəklər və ədalət mühakiməsi daha səmərəli və effektiv olacaq. Bu təcrübədən bir sıra inkişaf etmiş qərb dövlətləri hal-hazırda istifadə edirlər və çox effektiv nəticə əldə ediblər".
