Məzmuna keç

Qızını öldürmək istəyən şəxsin işi apellyasiya instansiyası məhkəməsinə göndərilib

Qızını öldürmək istəyən şəxsin işi apellyasiya instansiyası məhkəməsinə göndərilib

Ali Məhkəmədə qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Famil Məhərrəmovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib. Ali Məhkəmə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 24-dən 25-nə keçən gecə Samux rayonunda baş verib. F.Məhərrəmov qızı Səma Məhərrəmovanı (ad şərtidir) ərinə xəyanət etdiyi üçün sirkə turşusunu içməklə özünü öldürməyə məcbur edib. Lakin o, qızının ölmədiyini görüb, otaqda stolun üstündəki stəkanı sındıraraq qırıntısı ilə S.Məhərrəmovanı bilək nahiyəsini kəsməyə vadar edib.

Ancaq yenə də qızının ölmədiyini görüb, balta ilə baş nahiyəsinə bir dəfə zərbə endirib və onu döşəmənin üzərinə yıxaraq əlləri ilə boğmağa çalışıb. S.Məhərrəmova huşunu itirib hərəkətsiz qaldıqdan sonra onun öldürdüyünü zənn edərək həyat yoldaşından polisə məlumat verməsini istəyib.

F.Məhərrəmov polisə təslim olduqdan sonra qızının yaşadığı məlum olub və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində S.Məhərrəmovanın həyatını xilas etmək mümkün olub.

F.Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Şikayəti onun şikayətini təmin etməyib. F.Məhərrəmov daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.