- 00:06
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanında Ali Məhkəməyə ədalət mühakiməsinin keyfiyyətinin artırılması ilə bağlı məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, eləcə də sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin yaradılması tövsiyə edilib.
Ali Mkəmədən e-huquq.az-a verilən məlumata görə, bununla bağlı olaraq görülən işlər çərçivəsində Ali Məhkəmənin qərarlarının açar sözlər vasitəsilə axtarışı proqram təminatı yaradılıb.
Bildirilir ki, 28 iyun 2019-cu il tarixdə Ali Məhkəmədə həmin sistemin təqdimatı olub. Yaxın vaxtlarda bütün istifadəçilər bu axtarış sistemindən istifadə edə biləcəklər.
Axtarış sistemi Ali Məhkəmənin bütün kollegiyalarında baxılan işlər üzrə konkret mübahisə predmetinə aid açar sözlərdən istifadə etməklə müxtəlif mübahisəli hüquqi məsələlərə dair kassasiya məhkəməsinin hüquqi mövqeyini asan şəkildə istifadəçilər tərəfindən öyrənməyə imkan verəcəkdir. Bununla da, həm aşağı instansiya məhkəmələri, həm ümumiyyətlə geniş ictimaiyyət müxtəlif hüquqi məsələlərə dair Ali Məhkəmənin qərarlarındakı hüquqi yanaşmalara asan çıxış imkanı əldə edəcəklər. Bu isə son nəticədə vahid məhkəmə təcrübəsinin formalaşmasına əhəmiyyətli dərəcədə kömək edəcək, eləcə də ədalət mühakiməsinin proqnozlaşdırılan bilən olmasına ciddi töhfə verəcəkdir.