Məzmuna keç

“ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub

“ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Raiq Mürsəlovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E.huquq.az-ın xəbərinə görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi R.Mürsəlovun şikayətini təmin etməyib.

İttiham aktına əsasən, R.Mürsəlov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə vətəndaşa qarşı dələduzluq edib. Həmçinin onun barəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.

Belə ki, R.Mürsəlov özünü guya “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək Yetər Piriyevanın övladı Elnur Piriyevi “ASAN xidmət” mərkəzində nəzarətçi kimi işə düzəldəcəyi barədə yalandan vəd verib. O, həmin şəxslərdən 4 300 manat pul alıb.
R.Mürsəlov bu yolla bir neçə şəxsi aldadaraq, onlara qarşı dələduzluq edib.