Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.İbrahimovun apellyasiya şikayəti təmin edilməyib. Şikayətdə təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyirdi.
İttihama görə, təqsirləndirilən E.İbrahimov təqsirləndirilən şəxs vətəndaş Elvin Vəliyev, Zaur Səfərov, Fərman Məmmədov, Həbib Axundov və digərlərinin etibarından sui-istifadə edərək, onlara birgə biznes qurmağı təklif edib. Bu bəhanə ilə zərərçəkmişləri aldadaraq, onların ümumilikdə 1.000.000 manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaqın gedişatında məlum olub ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov millət vəkili Elmira Axundovanın oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
