Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlabbas Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il martın 15-də Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib. "Hyundai Elantra" markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobili ilə "KamAZ" markalı 09 BL 969 nömrəli yük maşını toqquşub.
Qəza zamanı 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu dünyasını dəyişib.
Məlumata görə, Zəkiyev qardaşları avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Daha sonra "KamAZ" markalı yük maşınının sürücüsü Ə.Ağayev saxlanılıb.
