Məzmuna keç

Rüşvətə görə həbs edilən hakimin məhkəməsi başlayır

Rüşvətə görə həbs edilən məhkəmə hakimi və məsləhətçisinin ibtidai istintaqı başa çatıb 

Rüşvət almada təqsirləndirilən Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və rüşvət verməyə təhrik etmədə ittiham edilən məsləhətçisi Şahid Allahverdiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun yaydığı birgə məlumatına görə, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov və məsləhətçisi Ş.Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib. Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.