Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Elxan Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Qurbanovun icraatına verilən iş üzrə hazırlıq iclası iyulun 18-də keçiriləcək.
Qeyd edək ki, bu ilin mart ayında Xətai rayonu, A.Cəlilov küçəsi ev 26 ünvanında dəyəri 1700 manat olan velosiped oğurlanıb.
Velosipedin sahibi, 1969-cu il təvəllüdlü İmanov Azad Nizami oğlu bu barədə polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, velosiped zəncirlənmiş vəziyyətdə olub və zəncir qıfılını qıraraq velosipedi aparıblar.
Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.
Onun başqa oğurluq hadisələri törətməsi də müəyyənləşib. Cinayət işi üzrə 4 zərərçəkən var. E.Mansirova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, oğurlanan velosipedin sahibi Azad İmanov Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
