“Hüquq sisteminin möhkəmləndirilməsi və müasirləşdirilməsi üçün böyük addımlar atılır”.
Bunu e-huquq.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra görülən işləri müsbət qiymətləndirən millət vəkili bu prosesin davamlı olacağına əminliyini vurğulayıb: “Dövlət quruculuğunda əsas istiqamət Azərbaycanın hüquqi demokratik imicini daima gücləndirməkdir. Bu istiqamətdə həm Azərbaycanın dövlət quruculuğundakı təcrübəsindən, həm də inkişaf etmiş ölkələrin təcrübəsindən maksimum istifadə edilir. Hüquq sisteminin möhkəmlənməsi və müasirləşdirilməsi üçün böyük addımlar atılır. Bu baxımdan da cənab Prezidentin məhkəmə-hüquq sistetminin təkmilləşdirilməsi ilə bağlı apardığı siyasət dövlətçiliyimizin maraqlarına xidmət edir. Burada məqsəd məhkəmə sistemini daha müstəqil etmək, onun cəzalandırma, eyni zamanda məsələlərə hüquqi qiymət vermə funksiyasını gücləndirməkdən ibarətdir. Şübhəsiz ki, gələcəkdə də günün tələbinə uyğun olaraq, bu istiqamətdə uğurlu addımlar atılacaq”.

Aydın Mirzəzadə
A.Mirzəzadə görülən işlərin vətəndaşların məhkəmə sisteminə olan inamını daha da artıracağını bildirib: “Hakimlərin sayının artırılması, məhkəmə sisteminin öz işini bilən və müasir düşüncəli hakimlərlə möhkəmləndirilməsi, həmçinin maddi-texniki bazasının gücləndirilməsi vətəndaşların məhkəmə sisteminə olan inamının daha da artırılması məqsədi daşıyır. Cənab Prezidentin imzaladığı Fərman bütün bu məsələləri özündə ehtiva edir”.
Millət vəkili Adil Əliyev hakimlərin maaşının artırılması ilə bağlı məsələyə toxunub. O, ölkənin iqtisadi imkanları çərçivəsində bir çox başqa sahələrdə çalışan şəxslər barədə də bu addımların atılacağını söyləyib: "“Məhkəmə-hüquq sistemində aparılan islahatlar, görülən işlər göz qabağındadır. Ölkənin iqtisadi durumu artdıqca bir çox problemlər öz həllini tapmağa başlayıb. Dövlət sistemli şəkildə imkan daxilində bütün sahələrdə maaşların artırılmasına şərait yaradacaq. Bu işlər tədricən həyata keçirilir. İnanıram ki, gələcəkdə də biz bunun davamlı olduğunu görəcəyik”.

Adil Əliyev
Milli Məclisin deputatı Dilarə Cəbrayılova isə bildirib ki, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ədliyyə və məhkəmə sistemində islahatların yeni mərhələdə müasir çağırışlara uyğun həyata keçirilməsinə təkan verib. O, bu islahatların məhkəmələrdə şəfaflığın, ədalət mühakiməsinin formalaşmasına, onun keyfiyyətinin və səmərəliliyinin artırılmasına mühüm töhfə olacağını deyib.

Dilarə Cəbrayılova
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın daha da inkişafı, əhalinin rifahının yüksəldilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönələn ardıcıl tədbirlər görülür. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə-hüquq sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən mühüm yol xəritəsidir", deyə, D.Cəbrayılova qeyd edib.
Xəyalə Bünyatova
