Məzmuna keç

Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti cərimələyib

Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti cərimələyib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Original Motors” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolun baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərib.

İnzibati xəta barədə protokoldan qeyd edilib ki, “Original Motors” MMC 74 304 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 22 may 2018-ci il tarixində Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürüb.

Ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçsə də, 20 938 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta xaricdən geri qaytarılmayıb.

Nəticədə Palata tərəfindən “Original Motors” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Bu qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.