Məzmuna keç

Abşeronda işlədiyi evdən oğurluq edən xadiməyə hökm oxundu

Abşeronda işlədiyi evdən 12553 manatlıq oğurluq edən qadına hökm oxunub

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Z.Rəhimovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirirlən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Rəhimova 3 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

Hökmdən narazı qalan zərərçəkmiş S.Salamzadə apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsində yekun məhkəmə iclasında zərərçəkmiş ərizə ilə müraciət edərək, verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinin baxılmasına xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə apellyasiya şikayətinə xitam verilib.

Qeyd edək ki, hadisə ötən il mayın 1-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini S.Salamzaə mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.

Məlumata əsasən, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən ümumilikdə 12553 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən, Xırdalan şəhər sakini Z.Rəhimova tərəfindən edildiyinə əsaslı şübhələr yarandığından o, saxlanılılıb.