Məzmuna keç

“Facebook”da vətəndaşları aldadan iş adamının məhkəməsi başlayır

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada təqsirləndirilən “SN Group” MMC-nin direktoru Aydın İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işində 9 zərərçəkmiş var.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, A.İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.

Həmin elanla əlaqədar ona müraciət ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan deyib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında A.İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsi ilə ittiham irəli sürülüb.