"Bu gün məhkəmə sistemi vətəndaş cəmiyyətinin və beləliklə də, hüquqi dövlətin inkişafında özünəməxsus və əvəzedilməz rol oynayır. Şübhəsiz ki, Konstitusiya ilə məhkəmələrin üzərinə düşən vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada effektiv şəkildə həyata keçirilməsi son nəticədə cəmiyyətin dövlətimizin adından qəbul edilən məhkəmə aktlarına etimadının gücləndirilməsi üçün xüsusi zəmin yaradır. Ümumilikdə müasir dövrdə məhkəmə hakimiyyətini cəmiyyətdə cərəyan edən proseslərdən təcrid edilmiş şəkildə təsəvvür etmək qeyri-mümkündür. Şübhəsiz ki, bu proseslər mütərəqqi xarakterli olduqda onların digər sahələrə, o cümlədən məhkəmə sisteminə şamil edilməsi yalnız müsbət nəticələr verə bilər".
E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Onun sözlərinə görə, ölkədə bütün sahələrdə ən qabaqcıl yanaşmalar tətbiq olunur və bu gün Azərbaycan dünya birliyinin inkişaf etmiş tamhüquqlu üzvü kimi qəbul edilir. F. Abdullayev qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkəmizdə ayrı-ayrı sahələrdə müasir ideyaların tətbiqinə hər zaman dəstək verilir, bir çox sahələrdə olduğu kimi, məhkəmə sisteminin də müasirləşdirilməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla həyata keçirilir.
"Məhkəmə-hüquq sisteminin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün olduqca mühüm addım olduğu vurğulanmalıdır. Bu Fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla, bu sahədə islahatların dərinləşdirilməsini, yeni inkişaf mərhələsində müasir çağırışlara uyğun davam etdirilməsini şərtləndirir.
Fərman məhkəmə sistemində islahatların aparılması və müasir texnologiyaların tətbiqinin vacibliyini bəyan etməklə, məhkəmələr üçün ədalətlilik, qərəzsizlik, süründürməçiliyə yol verilməməsi, aşkarlıq, şəffaflıq kimi mühüm prinsiplərin daim aktual olduğunu bir daha vurğulayıb.
Vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəldilməsinə xidmət edən Fərmanda məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, işlərə baxılmasının keyfiyyətinin artırılması, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsi qarşıya vəzifə kimi qoyulmuşdur.
Əminliklə demək olar ki, dövlət başçısının imzaladığı bu Fərman ədalət mühakiməsi prosesində keyfiyyətcə yeni və cəmiyyət üçün çox vacib yanaşmaların tətbiqinə mühüm təkan verəcəkdir", – deyə, sədr bildirib.
