Məzmuna keç

Məhkəmə aparatı işçilərinin maaşlarının artırılması məsələsinə baxılacaq

Məhkəmə aparatı işçilərinin maaşlarının artırılması məsələsinə baxılacaq

"Məhkəmə aparatı işçilərinin maaşlarının artırılması məsələsinə baxılacaq".

Bunu e-huquq.az-a açıqlamasında Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov deyib.

O bildirib ki, bu barədə cənab Prezidentin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanında da müəyyən mexanizmlər təyin edilib: “Ona görə də bu məsələ gündəlikdədir”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycanda hakimlərin maaşı artırılıb.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişiklikdə qeyd edilib ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində, yəni, 2475 manat;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

Digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və III oxunuşda qəbul edilib.