Ali Məhkəmdə oğurluq və dələduzluqda ittiham olunan Elena Kalaşnikovanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Kalaşnikovanın kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, E.Kalaşnikova 17 aprel 2016-cı il tarixdə Astara şəhəri, Hərbi şəhərcikdə yaşayan Məryəm Nəsirovaya şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü “falabaxan İmişli rayon sakini” kimi təqdim edib.
O, evə dəvət edildikdən sonra M.Nəsirovaya qısa zamanda ailə üzvlərinin faciə ilə üzləşəcəyini deyib, həmin faciədən yaxa qurtarmaq üçün evdə olan pul və qızıl-zinət əşyalarını, daha sonra isə evdəki Quran kitabını gətirməsini istəyib.
E.Kalaşnikova pul və qızıl-zinət əşyalarını Quranın arasına qoymağı təklif edib. Sonra həmin pul və qızılları ələ keçirmək üçün M.Nəsirovaya çay, gəlininə isə düyü gətirməyi tapşırıb.
Gəlin-qayınana gedən kimi o, Quran kitabını və arasında olan 150 manat pul, 1400 manat dəyərində qızılları götürərək, evdən qaçıb.
E.Kalaşnikova eyni əməllə bir neçə şəxsə qarşı dələduzluq edib və onların pullarını oğurlayıb.
İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edib.
Astara Rayon Məhkəməsinin hökmü ilə E.Kalaşnikova 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Şirvan Apellyasiya Məhkəməsi E.Kalaşnikovanın şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
