Məzmuna keç

Həbsdə olan iş adamının oğlu “Xaliq Faiqoğlu” şirkətini məhkəməyə verdi

Həbsdə olan iş adamının oğlu “Xaliq Faiqoğlu” şirkətini məhkəməyə verdi

Həbsdə olan iş adamı Azadxan Xanməmmədovun oğlu Azər Xanməmmədov “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsinə müraciət edən Azər Xanməmmədov qeyri-yaşayış sahələrindən çıxarılma barədə tələb irəli sürüb.

Daha sonra cavabdeh tərəf də qarşılıqlı iddia qaldıraraq, alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini istəyib.

Müstəqil tələb irəli sürən üçüncü şəxs isə Hacı Zadə Əliyusif Knyaz oğludur. O, qeyri-yaşayış sahələrinin istifadəyə verilməsini tələb edir.

Məhkəmə ilk və qarşılıqlı iddianı qismən təmin edib, müsətqil tələb isə rədd edib.

Azər Xanməmmədov həmin qətnamədən narazı qalıb və apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2017-ci il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. Br müddət əvvəl sahibkar A.Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər – A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov, M.Qurbanov, Ə.Ağayev, Y.Əliyev, R.Hüseynov, M.Məmmədov, R.Vəliyev, E.Vəliyev və T.Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər şəxslərin barəsində isə 2 il islah işlərinə məhkum etmə barədə qərar çıxarıb.