Gəncə Ağır Cinayətlər Məhkəməsində küllü miqdarda dələduzluq etməkdə təqsirli bilinən İ.İlyasovanın məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın məluatına görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə təqsirli bilinib, CM-nin 44.2.1-ci (cərimə) maddəsinə əsasən, İ.İlyasovaya cəza təyin edilməyib.
Hökmə əsasən, onun ittiham olunduğu CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə qadına bəraət verilib.
Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2017-ci ilin aprel ayının 16-da İ.İlyasova Türkiyədən qayıdarkən Naxçıvan sərhəddində gömrük əməkdaşları tərəfindən həbs edilib. Ali təhsilli olan İ.İlyasova bir müddət Gəncə şəhərində ingilis dili müəllimi də işləyib.
İttiham aktına görə, İ.İlyasova Sərdar Bayramovun şikayəti əsasında həbs edilib. Qadın həmin şəxsin saxta sənədlərlə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
