Məzmuna keç

Naxçıvan Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirildi

İyul ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib

İyul ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir.

E-huquq.az xəbər verir ki, iclasda 2019-cu ilin birinci yarısında muxtar respublika məhkə­mə­lərinin fəaliyyətinin yekunları müzakirə olunub.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahat­lardan söhbət açıb, Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində geniş miqyaslı işlərin görülməsindən bəhs etmiş, sonra 2019-cu ilin birinci yarısında muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Muxtar respublika məhkəmələri tərəfindən vətəndaş­ların hüquq və azadlıqlarının təmin olunması sahə­sində, habelə əha­linin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi bu ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq insti­tutları­nın inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasir­ləşdirilməsi istiqa­mətində mü­hüm addımlar atılıb, məhkəmələrin fəaliy­yətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilib, eləcə də qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işlərinin аpаrılması sahəsində bir sıra tədbirlər həyаtа kеçirilib.

Ali Məhkəmənin sədri çıxışında vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən danışıb.

Bildirib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinə geniş yol açıb.

Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərin yaradılması zəruriliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən 15 iyul 2011-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkilinə dair” Fərman qəbul edilmişdir. Naxçıvan Muxtar Respublika­sı Ali Məclisi Sədrinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələrdə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqini təmin etmək üçün mövcud məhkəmələrin inzibati binalarında müvafiq infrastrukturun qurul­ması işinə 2015-ci ildən başlanılmış və hazırda bu sistem Naxçıvan Muxtar Respublikasınında tətbiq olunmağa başlanıb.

İclasda Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətini qeyd edib, gələcəyin peşəkar, yüksək səriştəli kadrlarının yetişdirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri olduğunu vurğulayıb və Ali Məhkəmədə “İdeyadan başlanğıca” devizi altında startapların həyata keçirilməsi və dəyərləndirilməsi məqsədilə ekspert qrupu yaradıldığını, bu istiqamətdə tələbələrlə çox saylı görüşlər keçirildiyini, onlarla fikir mübadiləsi aparıldığını bildirib.

Daha sonra muxtar respublikanın ixtisaslaşdırılıb, şəhər və rayon məhkəmə­lərinin sədrlərinin 2019-cu ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilib, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmənin statistikasının təhlili şöbəsinin müdiri Cahan Bayramova isə 2019-cu ilin birinci yarısında məhkəmə təcrübəsinin ümumiləşdirilməsi barədə məlumat verib.

İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev yekun vuraraq bildirib ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi 28 iyun 2019-cu il tarixdə keçirilmiş beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclisin Sədri tərəfindən verilmiş tapşırıqları Ali Məhkəmənin fəaliyyətində rəhbər tutaraq bundаn sоnrа dа ədаlət mühаkiməsini оbyеktiv, tam və qərəzsiz şəkildə həyаtа kеçirəcək, vətəndaşların hüquqi mааrif­ləndirilməsi işinin daha da gücləndirilməsi və əhаlinin hüquq xidmətlə­rinə оlаn təlаbаtının keyfiyyətli ödənilməsi üçün səylərini davam etdirəcəkdir.