Məzmuna keç

Tanınmış şirkət direktoru məhkəməyə gəlmədi, barəsində axtarış qərarı çıxarıldı

Tanınmış şirkət direktoru məhkəməyə gəlmədi, barəsində axtarış qərarı çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

E-huquq.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə növbəti dəfə də gəlmədiyi elan olunub.

Bildirilib ki, məhkəmə S.Cahangirlinin barəsində məcburi gətirilmə qərarı çıxarıb, lakin onun yerini müəyyən etmək mümkün olmayıb.

Məhkəmə S.Cahangirlinin barəsində axtarış qərarı çıxarılıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

İttiham aktına əsasən, S.Cahangirli "Real" MTK-nın direktoru olan zaman Nərimanov rayonunda tikilən binada bir mənzili əvvəlcə Bəylər Abdullayevə, sonra isə Rauf Abdullayevə satıb.

Hazırda evdə R.Abdullayev yaşayır və sənədlər isə B.Abdullayevin adınadır.

Cinayət materealına görə, R.Abdullayevə 150 min manat ziyan dəyib.

Məhkəmədə elan olunmuş ittiham üzrə S.Cahangirli özünü qismən təqsirli bildiyini deyib.

O söyləyib ki, 2006-cı ildə şirkətin əvvəlki direktoru İslam Qasımov mənzili Bəylər Abdullayevə satıb, 2013-cü ilin sentyabr ayında isə özü direktor təyin olunub.

S.Cahangirli R.Abdullayevə dəyən ziyanı ödəmək istədiyini qeyd edib.

Onun sözlərinə görə, İ.Qasımov hazırda həbsdə olan "Real" MTK-nın sahibi İlham Qasımovun qardaşıdır. S.Cahangirli isə onların bacısı oğludur.

Xatırladaq ki, “Real MTK”-ın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.

Həmçinin, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.