Bakıda 56 qadından oğurluq etməkdə təqsirləndirilən Gülnarə Novruzovanın barəsində daha bir cinayət işi açılıb.
E-huquq.az-ın xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Nərgiz Məmmədova tanınır.
Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Şəlalə Həsənovanın icraatına verilib. Qeyd edək ki, rəsmi məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən qadın ifşa edilib.
Belə ki, ötən il iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən G.Novruzova Şirvan şəhəri ərazisində tutulub.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib. Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan G.Novruzovanın ətrafında Nəsimi RPİ 21-ci PB-nin və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılan əlavə tədbirlərlə onun mayın 4-də, 19-da və 24-də paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 ABŞ dolları, 1000 manat olan pulqabı, habelə sənəd oğurlaması da müəyyən edilib.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilib.
Xatırladaq ki, əvvəllər məhkum olunmuş G.Novruzova bu cinayətə kimi dəfələrlə oğurluq üstündə tutulsa da, hamilə olduğundan onun barəsində həbs qətimkan tədbiri seçmək mümkün olmayıb.
Cinayət işi üzrə 56 nəfər zərərçəkmiş qismində tanınıb. Həmin şəxslərin hamısı qadınlardır.
Xətai Rayon Məhkəməsinin hökmü ilə G.Novruzova 1000 manat cərimə edilib və 2 il 8 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
