Gəncə İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin sahibkar Habil İmaməliyevə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi üzrə iqtisadi mübahisəyə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamenti iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh H. İmamalıyeva qarşı dövlət büdcəsinə ödənilməmiş 2991,62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Bundan sonra iddiaçı 19.07.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, borc məbləği ödənildiyi və hazırkı tarixə cavabdehin dövlət büdcəsinə borcu olmadığı üçün işüzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmə ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.
Buna görə də məhkəmə icraata xitam verilməsi haqqında qərar qəbul edib.
