Məzmuna keç

“Veysəloğlu” spirtli içkilər istehsal edən şirkətdən yarım milyon manat məbləğində borcunu tələb edir

“Veysəloğlu” spirtli içkilər istehsal edən şirkətdən yarım milyon manat borcunu tələb edir

“Vesta Horeka” MMC “Azəri Şərab” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Vesta Horeka” MMC ümumilikdə 560 910 manat borc pulun iddiaçının xeyrinə ödənilməsini istəyib.

Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edib ki, iş ərazi aidiyyəti üzrə hazırkı məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

Belə ki, “Vesta Horeka” MMC “Azəri Şərab” MMC-nin hüquqi ünvanı kimi Göyçay şəhəri Ə.Kərim ev 112 A ünvanını qeyd edib və iddia ərizəsini hazırkı məhkəməyə ünvanlayıb. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Göyçay şəhəri Ə.Kərim ev 112 A ünvanı vergi ödəyicisini vergi uçotuna alan 9 saylı Ərazi Vergilər İdarəsinin ünvanıdır.

Cavabdeh “Azəri Şərab” MMC-nin hüquqi ünvanı isə Kürdəmir rayonu Muradxan kəndidir. Belə olan halda “Azəri Şərab” MMC-yə qarşı yönələn tələbə hazırkı məhkəmədə deyil, Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmalıdır.

Məhkəmənin qərarına əsasən, sənədlər iddiaçıya geri qaytarılıb.

Qeyd edək ki, “Vesta Horeka” MMC “Veysəloğlu” Şirkətlər Qrupunun tabeliyindədir. “Azəri Şərab” şirkəti isə Azərbaycanda spirtli içkilər istehsal edir.