Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayonunda 18 yaşlı gəncin ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Şabran rayon Zeyvə kəndində baş verib. Həmin kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Şıxəliyev öz həmkəndlisi və dostu, 2003-cü il təvəllüdlü E.Bağırov tərəfindən vurulub.
Məlumata görə, hər iki dost ov edib və M.Şıxəliyev ovladıqları quşu bişirən zaman dostu E.Bağırov tüfənglə məşğul olub. Bu zaman onun barmağı tətiyə ilişib, 6-7 metr məsafədən dostunun üz nahiyəsinə atəş açıb.
M.Şıxəliyev xəstəxanada dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən E.Bağırovun barəsində Cinayət Məcəlləsinin 232.2.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
