Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
E-huquq.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhməkənin növbəti iclası iyulun 30-na təyin olunub.
İttihama görə, ötən il avqustun 12-də Şabran rayonunda 1980-ci il təvəllüdlü V.Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.
Belə ki, V.Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb.
Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
R.Hacıyev hadisə yerindəcə ölüb.
Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
