Bakı Ağır Cinayətlər Məhkəməsində sərxoş vəziyyətdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Roman Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 26-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində baş verib.
Belə ki, Şıx qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan 90-CT-983 dövlət qeydiyyat nişanlı, sürücü R.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə 2001-ci il təvəllüdlü Cəfərov Roman Füzuli oğlu xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Rəhimov Vahid Zöhrab oğlu isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri alıb.
R.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 263.1-3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
