Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, vəzifə saxtakarlığı və dələduzluqda təqsirləndirilən Anar Əşrəfov və Sahil Cahangirlinin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını tamamilə ləğv edib, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.
İttiham aktına əsasən, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Digər təqsirləndirilən A.Əşrəfov MTK-da müxtəlif vəzifələrdə işləyib.
Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlara şərti cəza verilib.
Daha sonra S.Cahangirlinin barəsində digər əməlinə görə, cinayət işi başlanılıb. O, "Real" MTK-nın direktoru olan zaman Nərimanov rayonunda tikilən binada bir mənzili əvvəlcə Bəylər Abdullayevə, sonra isə Rauf Abdullayevə satıb.
Hazırda evdə R.Abdullayev yaşayır və sənədlər isə B.Abdullayevin adınadır.
Cinayət materealına görə, R.Abdullayevə 150 min manat ziyan dəyib.
Məhkəmədə elan olunmuş ittiham üzrə S.Cahangirli özünü qismən təqsirli bildiyini deyib.
O söyləyib ki, 2006-cı ildə şirkətin əvvəlki direktoru İslam Qasımov mənzili Bəylər Abdullayevə satıb, 2013-cü ilin sentyabr ayında isə özü direktor təyin olunub.
S.Cahangirli R.Abdullayevə dəyən ziyanı ödəmək istədiyini qeyd edib.
Onun sözlərinə görə, İ.Qasımov hazırda həbsdə olan "Real" MTK-nın sahibi İlham Qasımovun qardaşıdır. S.Cahangirli isə onların bacısı oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə iclası gedən zaman S.Cahangirli bir neçə dəfə proseslərə gəlməyib. Məhkəmə onun barəsində axtarış qərarı çıxarıb.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Xatırladaq ki, “Real MTK”-ın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
Həmçinin, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
