Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Maya Mirzəyevanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Mirzəyevanın kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, M.Mirzəyeva əvvəllər orta məktəbdə bir sinifdə təhsil aldığı Sakit Muxtarovun etibarından sui-istifadə edərək, 2016-cı ildə onu və bibisi qızı İlahə Muxtarovanı guya neft şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, ondan ümumilikdə 17200 manat pul alıb.
Bundan başqa, o, S.Muxtarovun qardaşı Fərid Muxtarova da eyni vədi verərək, ondan 7000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
M.Mirzəyeva Mehriban Cəbiyevanın etibarından sui-istifadə edərək, onun qızını guya “Avesta Konsern” şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, qadından 5300 manat pul alıb.
M.Mirzəyeva ümumilikdə 10 nəfərə qarşı 70 min manatlıq dələduzluq edib.
Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan qadının barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Nərimanov Rayon Məhkəməsi M.Mirzəyeva barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hökmünü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib, 3 il müddətinə azadlığn məhdudlaşdırılması cəzası 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub. M.Mirzəyeva məhkəmə zalında həbs edilib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
