Məzmuna keç

Prokurorun bəraət almış qadınla bağlı verdiyi protest təmin edilmədi

Prokurorun bəraət almış qadınla bağlı verdiyi protest təmin edilmədi

Ali Məhkəmədə 80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib.

İttiham aktına əsasən, D.Əhmədova Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən özünə məxsus qeydiyyat sənədi olmayan fərdi yaşayış evini Ramin Məmmədova 80 min manata satıb. Lakin o, pulu aldıqdan sonra həmin evi başqa qadına da satıb.

Zərərçəkmişin şikayəti əsasında D.Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irləli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorluğun apellyasiya protestini təmin etməyib.

Xatırladaq ki, D.Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.