Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.
Ə. Zeynallı e-huquq.az-a açıqlamasında deyib ki, buna səbəb ADU-da baş verən hadisələrlə bağlı rəhbərlik etdiyi saytda məlumat dərc etməsi olub: “ADU-da sabiq dekan və bir neçə müəllimlər var ki, işdən azad olunublar. Bu barədə həmin adamların müəyyən yazısını dərc etmişəm. Bundan başqa Kamal Abdulla məni istinad etdiyim saytdakı yazıya görə də məhkəməyə verib. Mən sadəcə məhkəmə xəbərlərini dərc etmişəm və universitetdə baş verən hadisələri işıqlandırmışam. Qarşı tərəfə də dəfələrlə müraciət etmişik ki, kimin sözü varsa, desin. Ancaq qəfildən Kamal Abdulla öz işçiləri ilə birlikdə məni də məhkəməyə verib”.
Ə. Zeynallı deyib ki, yazılara görə K. Abdulla ona qarşı 10 min manatlıq iddia qaldırıb.
İşə Binəqədi Rayon Məhkəməsində avqustun 1-də baxılacaq.
